Politoloqların fikrincə, Türkiyə Qarabağdan fərqli olaraq, Donbas probleminin döyüşsüz, danışıqlarla həllinin tərəfdarıdır, Rusiya isə hələ ki müharibə istəmir – iki ekspertin fərqli baxışı…

Ukrayna böhranı ABŞ-la Rusiya arasındakı strateji qarşıdurmanın yeni fazası kimi qiymətləndirilir. Qeyd edilir ki, bölgədə ABŞ və Rusiyanın strategiya müharibəsi gedir. Demokratiya, insan haqları, ərazi bütövlüyü kimi söhbətlər iki nəhəngi səmimi şəkildə maraqlandırmır. Faktiki olaraq, ABŞ Rusiyanı hədəfə alıb. Dövlət katibi Entoni Blinken də bugünlərdə yenidən deyib ki, Rusiya Ukraynaya qarşı “ehtiyatsız və aqressiv hərəkət edərsə” nəticələri ilə qarşılaşacaq. Sanki həm isti, həm soyuq savaş Amerika ilə Rusiya arasında gedir, Ukrayna ilə yox.

“Yeni Müsavat”ın xəbərinə görə, Blinken aprelin 9-da Almaniya və Fransa xarici işlər nazirləri ilə Rusiyanın ilhaq etdiyi Krım yarımadasında, Ukraynanın şərq sərhədləri yaxınlığında hərbi gücünü artırmasını dayandırmasının vacibliyi ilə bağlı məsləhətləşmələr aparıb. Kremlin sözçüsü Dmitri Peskov aprelin 11-də “heç kəsin müharibəyə getməyi planlaşdırmadığını” bildirib, lakin Moskvanın Ukraynanın şərqində yaşayan rusdilli əhalinin taleyinə “laqeyd qalmayacağını” da əlavə edib. Belə görünür ki, müharibənin baş verməməsi üçün ABŞ-la müttəfiq olan NATO ölkəsi Türkiyə də bu məqsədlə prosesə vaqif olmaqdadır.

Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü, 20 bəndlik sənəd imzalanması Ankaranın Kiyevə dəstəyi kimi təqdim edilir. Ərdoğan Zelenski ilə görüşdən sonra açıqlama verərək Ukraynanın şərqində Donbas regionunda “narahatlıq doğuran” proseslərə son qoyulmasına çağırıb. O, Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Reallıq budur ki, Türkiyə-Rusiya yaxınlaşmasına, bir çox regional konfliktlərdə, Qarabağ da daxil, anlaşmalarına, bərabər hərəkət etmələrinə baxmayaraq, Ukrayna məsələsində fikir ayrılığı var.

“Bölgəmizin dinc və təhlükəsiz gələcəyi naminə hər iki ölkənin fikir ayrılıqlarını ən qısa müddətdə danışıqlar və sülh yolu ilə həll etməsini istəyirik, bu istiqamətdə çalışırıq” – deyə, Ərdoğan İstanbulda  bəyan edib. Zelenskinin Türkiyə səfəri göstərir ki, Ankara daha bir münaqişənin həllində rol oynamağa, ciddi regional faktora çevrilməkdədir. Sadəcə, Qarabağ məsələsindən fərqli olaraq, Ukrayna krizisində Ankara ilə Moskva toqquşur.

Bununla belə, Ərdoğanın sözlərindən aydın olur ki, Türkiyə məsələni gərginləşdirməyin əleyhinədir və danışıqlarla yoluna qoymağa hazırlaşır. Bu da müharibə ehtimallarını azaldır. O zaman Ərdoğan bu konflikti də həll edəcəkmi və nə şəkildə yoluna qoyulmasının tərəfdarıdır?

Cümşüd Nuriyev: "Rusiya nə günə qalıb ki, ermənistanla ortaq ordu yaradır"  - YouTube

Cümşüd Nuriyev

Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyə birmənalı şəkildə Ukraynanı dəstəkləməklə Rusiyanın Azərbaycandakı imperialist mövqeyini zəiflətməyə çalışır. Onun fikrincə, Kreml sülhməramlı qüvvələrin Xankəndində daimi qalmasına, hərbi baza formalaşdırmağa çalışır: “Bəyanatda nəzərdə tutulan 1960 nəfərdən artıq hərbçir ora yerləşdirilir. Türkiyə də bunu gözəl bilir. Digər tərəfdən, Rusiya birdən-birə bir neçə cəbhə açıb. Amma Ukrayna məsələsində Polşa və Türkiyə faktoru var. Kreml bunu görür. Türklər uzun müddət Krıma sahiblənib, tarixən türklər orada qan töküblər. Son 400 ildə 10 dəfə rus-türk müharibəsi olub. Onun son 4 müharibəsini türklər uduzublar. Amma Qarabağda qələbə ilə türk dünyasının və Türkiyənin imici qalxdı. Bu, həm də Türkiyənin mənəvi qələbəsi idi və Rusiya nəticəni yaxşı anlayır”.

C.Nuriyevin sözlərinə görə, Rusiya ilə Türkiyənin Suriya və Liviyada qarşıdurmaları var: “Belə şəraitdə Ərdoğanın yürütdüyü ağıllı xarici siyasət Rusiyanı narahat etməkdədir. Onlar bilir ki, Polşa və Türkiyənin Ukrayna məsələsində mövqeyi sabitdir, dəyişməzdir. Ərdoğan bu məsələlərə ağıllı, səmərəli yanaşır. Həm türk dünyasının maraqlarını güdür, həm də yumşaq güc göstərir. Eyni zamanda Azərbaycan Ordusu Türkiyənin mənəvi dəstəyi və bizə verdikləri silahlarla rus silahlarını nokauta saldı. Bütün bunları Moskva yaxşı görür. Düzdür, hələlik Ankaranın tutduğu mövqe Moskva üçün təhlükəli deyil, amma Ukraynanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində bir gedişidir.

Rusiya yaxşı başa düşür ki, Ukrayna ilə müharibəyə girmək indi ona sərf etməyəcək. Yeni rus elitası Putindən kənarlaşır, iqtisadiyyat çöküb. Putin özünü ikinci Pyotr hesab edir. Lakin Sankt-Peterburq istisna, Moskva elitasını onun yanaşması qane etmir, ondan ayrılırlar. Üstəgəl, Rusiyadan sürətlə kapital axını xaricə gedir. Ona görə də Putin hələ müharibə istəmir”.

Elxan Şahinoğlu: Ermənistan özünü tələyə salıb və indi çətin vəziyyətdədir

Elxan Şahinoğlu

Siyasi analitik Elxan Şahinoğlunun sözlərinə görə, Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Kiyevdə “Krım platforması” adlı beynəlxalq konfrans keçiriləcək: “Aydındır ki, bir konfransla Krım problemini həll etmək mümkün deyil. Ancaq Kiyev istəmir ki, beynəlxalq aləm Krımı unutsun və konfrans vasitəsilə diqqəti yarımadaya cəlb etməyə çalışır.

Zelenski Türkiyəyə səfəri zamanı Ərdoğanı da adı çəkilən konfransa dəvət etdi. Ərdoğan dəvəti qəbul etdi. O da aydındır ki, “Krım platforması” Kremlin qıcığına səbəb olub. Kremlin minimum və maksimum hədəfi var. Minimum hədəfi budur ki, böyük dövlətlər Krımı unutsunlar. Maksimum hədəfi isə budur ki, yaxşı halda Rusiyaya tərəfdaş ölkələrdən bir neçəsi Krımı Rusiyanın ərazisi kimi tanısın”.

Politoloqun fikrincə, Kiyevin məqsədi isə Kremlin minimum və maksimum hədəflərinə çatmasına mane olmaqdır: “Krımı beynəlxalq hüquq normalarına uyğun Ukrayna ərazisi kimi tanıyan, ancaq Kremli qıcıqlandırmamaq üçün Kiyevdəki tədbirə qatılmayanlar da olacaq”.

E.Şahinoğlu hesab edir ki, Ukrayna ilə Azərbaycanın Türkiyə üçün fərqi  göz qabağındadır: “Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarının müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı. Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Halbuki Ankarada da anlayırlar ki, Donbas məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz”.

Politoloq Türkiyənin Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinə olduğunu düşünür: “Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər. Digər tərəfdən, Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qaradəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa, bu, yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qaradənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir”.