Məlum olduğu kimi Kraliça İkinci Elizabetinn həyat yoldaşı, Edinburq Hersoqu, Şahzadə Filip 99 yaşında vəfat edib.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, ötən şənbə günü Vindsor Qəsri qarşısında Edinburq Hersoqunun xatirəsi iki dəqiqəlik sükutla yad edilib, ölkə boyunca dövlət və rəsmi binaların üzərindəki bayraqlar endirilib. Həmçinin şənbə günü yerli vaxtla saat 12:00-də London, Edinburq, Kardif və Belfast şəhərləri də daxil olmaqla, müxtəlif yerlərdəki artilleriya bölmələri 41 dəfə atəş açıblar. Bundan əvvəl belə mərasim yalnız iki dəfə – 1901-ci ildə Kraliça Viktorianın və 1965-ci ildə Uinston Çörçilin ölümündən sonra baş tutub.

Şahzadə Filipin yas mərasiminin aprelin 17-də Vindsor sarayında keçiriləcəyi bildirilib.

Musavat.com Şahzadə Filipin həyatı haqda maraqlı faktları təqdim edir.

Filip Mauntbetten qriqorian təqvimi ilə 10 iyun 1921-ci ildə Yunanıstanın Korfu şəhərində anadan olub. Lakin həmin dövrdə Yunanıstan yulian təqvimindən istifadə etdiyinə görə onun doğum şəhadətnaməsində 28 may 1921-ci il qeyd edilib.

Filip Yunanıstan və Danimarka Kralı Andreyin ən kiçik 5-ci övladı və yeganə oğlu, Yunanıstan kralı I Georqun nəvəsidir. O, anadan olandan Yunanıstan və Danimarka Şahzadəsi adını daşıyırdı. Babası Yunanıstanda hökm sürən Danimarka Qluksburq evinə mənsub idi. Ata nənəsi Olqa Konstantinovna Romanova isə I Nikolayın nəvəsi idi. Filipin anası Şahzadə Alisa Hessian Battenberq ailəsindən idi. Filipp Danimarka Kralı IX Khristianın, İngiltərə Kraliçası I Viktoriya və rus İmperatoru I Nikolayın nəticəsi sayılır.

1922-ci ildə baş verən dövlət çevrilişindən sonra Filipin ailəsi Yunanıstandan çıxarılıb.
İkinci əmisi oğlu Kral V George tərəfindən göndərilən ingilis hərbi gəmisi onun ailəsini Fransaya aparıb. Bu dövrdə körpə Filip səyahətinin çox hissəsini narıncı qutudan hazırlanmış bir beşikdə keçirib.
Beləliklə, Filip təhsilinə Fransada başlayıb, lakin yeddi yaşında olanda Surreydəki bir hazırlıq məktəbində oxumaq üçün İngiltərədə qohumlarının yanında yaşamağa gəlib. Həmin dövrlərdə onun anasına şizofreniya diaqnozu qoyulur və qadın sığınacağa yerləşdirilir.
18 yaşında Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində qulluğa gedir və İkinci dünya müharibəsində iştirak edir. Bu zaman onun iki qardaşı Almaniya vətəndaşı kimi əks tərəfdə vuruşurdular.

Müharibədən sonra o, 1939-cu ildə tanış olduğu kral V Georqun qızı və Britaniya taxt-tacının vəliəhdi Elizabet ilə münasibətlərini davam etdirməyə başlayır. Ancaq milli köklərinin və provoslav dininin onun izdivacına mane olacağını görərək anasının Britaniya soyadını götürür. Rütbəsindən də imtina edərək Leytenant Filip Mauntbetten rəsmi ad və titulunu götürür. Eyni zamanda xristian dininin provoslav kilsəsindən anqlikan kilsəsinə keçir.

Toy 1947-ci il noyabrın 20-də Vestminster Abbeydə keçirilir. Toydan sonra Elizabetin atası kral V Georg tərəfindən ona Edinburq hersoqu və Kral həzrətləri titulları verilir.
1948-ci ildə Bukinqem Sarayında cütlüyün oğlu Şahzadə Çarlz doğulur. 1950-ci ildə isə qızı Şahzadə Anna, 1960-cı ildə Şahzadə Andrev, 1964-cü ildə isə Şahzadə Edvard dünyaya gəlir.

1950-ci il sentyabrın 2-də o, illərlə arzuladığı Kral Hərbi Donanmasına təyin olunur.
Lakin koronar tromboz – ölümcül ürək qan laxtalanmasındən əziyyət çəkən kral VI Georgun səhhəti getdikcə pisləşirdi. Buna görə Filip vaxtını daha çox Elizabetə və onun qayğılarına həsr etməli idi. 1951-ci ilin iyulunda Kral Donanmasından məzuniyyətə çıxır və bununla da hərbi donanma karyerasına son qoyur. Filip yalnız həyatının sonrakı dövrlərində donanma karyerasına davam edə bilmədiyinə görə təəssüflədiyini bildirib.

Kral 1952-ci ildə vəfat edir və Elizabet kraliça elan olunur. Filip bundan sonrakı həyatını kraliça arvadına dəstək olmağa və aktiv ictimai həyata həsr edir. 1957-ci ildə həyat yoldaşı II Elizabet ona Britaniya şahzadəsi titulu verir.

Filipin vəhşi təbiət və ekologiyanın mühafizəsinə böyük həvəsi var idi. Lakin1961-ci ildə Hindistana səfəri zamanı Filipin bir pələngi vurması böyük səs-küyə səbəb olmuşdu. Pələngin qənimət kimi əks olunmuş fotoşəkillərinin dərci vəziyyəti daha da şiddətləndirmişdi.
Lakin o, öz nüfuzunu və enerjisini 1981-ci ildə ilk prezidenti olduğu Dünya Vəhşi Təbiəti Fondunun rifahı üçün istifadə edib.

Şahzadə Filip sənayeyə də böyük həvəs göstərib, fabrikləri gəzib və indi İş Fondu olaraq bilinən Sənaye Cəmiyyətinin hamisi olub.

Filip ömrünün sonuna qədər idmana olan həvəsini qoruyub saxlaya bilmişdi. Vaxt imkanı olduqca yelkənlə üzür, kirkit və polo oynayırdı. At arabası sürmək isə onun ən maraqlı hobbilərində biri idi. O, uzun illər Beynəlxalq Atçılıq Federasiyasının prezidenti olub.

Dörd övladından üçünün – Şahzadə Anna, Şahzadə Andrev və Şahzadə Çarlzın evliliklərinin uğursuz olması onu çox kədərlənib. Bəzi iddialara görə oğlu Çarlzı Diana ilə evlənməyə Filip məcbur edib. Şahzadə Diananın faciəli ölümündən sonra Filipin gəlininə qarşı düşmən münasibət bəslədiyi haqda iddialar yayılmağa başlamışdı. Bu iddiaların yalan olduğunu sübut etmək üçün Filip ilə Şahzadə Diana arasında olan məktublaşmalar 2007-ci ildə çap edilmişdi. Diana bütün məktublarını “Hörmətli ata!” sözləri ilə başlayırdı. Bununla da məlum olmuşdu ki, əksinə, qayınata ilə gəlin arasında həmişə mehriban, səmimi münasibət olub.

Şahzadə Filip kraliça ilə ən çox ömür sürmüş həyat yoldaşı və ən yaşlı monarx ər sayılır.
Yeni Musavat