İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Dağlıq Qarabağ məsələsində daim Azərbaycanı dəstəkləyib. Bu dəstək təkcə Azərbaycanın İƏT-ə üzv olması ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqedə olmasına görədir. Azərbaycan öz ərazilərini işğaldan azad etməli idi.

Trend-in məlumatına görə, bunu İƏT-in Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə hərs olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, İƏT bundan sonra da Azərbaycanı dəstəkləyəcək: “Biz bundan sonra da Azərbaycana öz dəstəyimizi göstərəcəyik. 2016-cı ildə Təmas Qrupu yaradıldı. Biz ilk dəfə azad edilmiş ərazilərə səfər etmək imkanı qazandıq və həmin ərazilərdə dağıntıları gördük, binalara, məscidlərə qarşı ermənilərin törətdiyi vandallıqların şahidi olduq. Bu çox məyusedici, kədərli bir mənzərədir. Eyni zamanda məscidlərdə donuz, inək saxlanmasının şahidi olduq, qəbiristanlıqların, məzarların dağıdılmasını gördük. Bu onu göstərir ki, işğalçılar yalnız dirilərə deyil, ölülərə qarşı da vandallıqlar törədiblər. Şükürlər olsun ki, həmin ərazilər işğaldan azad edilib və inanırıq ki, o ərazilər bərpa ediləcək, yenidən qurulacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqlar”.