Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi onu göstərir ki, müharibədə hərbi məğlubiyyətə uğramasına baxmayaraq, erməni revanşistlər dünya birliyi tərəfindən tanınan digər ölkələrin suverenliyini pozmağın mümkün olmadığı barədə dərslərdən tam nəticə çıxarmayıblar.Bunu Azvision.az -a eksklüziv açıqlamasında Ukrayna Politoloqlar Assosiasiyasının eksperti Rinat Kovbasyuk deyib.

Onun sözlərinə görə, revanşistlər növbəti militarist təxribat törətmək üçün uyğun zamanı gözləyirlər: “Ancaq əminəm ki, onların uğur qazanmaq ehtimalları yoxdur, çünki Azərbaycan Ordusu təcavüzkara dərhal cavab vermək üçün hər zamankından daha qətiyyətlidir”.

Ekspert burada başqa bir məqamı da diqqətə çatdırıb. Kovbasyukun fikrincə, ermənilər minalanmış ərazilərin xəritələrini təqdim etməməklə işğaldan azad edilmiş bölgələrin bərpasını, inkişafını mümkün qədər yubatmağa çalışırlar. Hətta düşünürlər ki, növbəti kəskinləşmə, hərbi münaqişə vəziyyəti yaranarsa, həmin xəritələrdən öz məqsədləri üçün istifadə edə bilərlər. Nəyin baş verməsindən asılı olmayaraq, İrəvandan yaxşı nəsə gözləmək olmaz və Azərbaycan hazır vəziyyətdə olmalıdır.

Beynəlxalq təşkilatların bu məsələdə roluna, Ermənistana mümkün təzyiqlərə toxunan politoloq vurğulayıb ki, beynəlxalq qurumlar tez-tez ya amorfla məşğul olur, yaxud da ermənipərəst mövqe tuturlar:

“ATƏT-in Minsk qrupunu və onun Qarabağdakı münaqişənin həllində destruktiv rolunu xatırlayaq. Təəssüf ki, beynəlxalq təşkilatlar yalnız narahatlıqlarını ifadə etmək və ümumi ifadələrlə danışmaqdan başqa heç nə etmirlər. Bu da tərəfləri daha da qıcıqlandırır. Buna görə Bakı ilk növbədə Azərbaycan əsgərinin gücünə güvənməlidir”.