ASC: “Korporativ məqsədlərlə yanaşı, başlıca məqsəd istehlakçılar tərəfindən suya israfçılığın qarşısının alınmasıdır”

Azərbaycanda əhali üçün içməli su tarifləri ikiqat qaldırılandan sonra “Azərsu” ASC-də artımla bağlı mətbuat konfransı keçirilib. Konfransda ASC-nin İqtisadiyyat şöbəsinin rəisi Elçin Camalov bildirib ki, son dövrlərdə tikilən, istismara verilən, istismarda olan iri infrastruktur layihələrinin faydalı istifadə müddətinin uzadılması üçün lazımi resursların olmaması tariflərin artırılmasında başlıca məqsədlərdən biri olub.

Onun sözlərinə görə, istifadə müddəti bitən iri infrastruktur layihələrinin təmirinə ASC tərəfindən çox az vəsait sərf olunur: “Bizim istehsal xərclərinin maya dəyərinin 3-5 faizi təmir xərclərinə sərf olunur. Bu da uzunmüddətli dövrdə iri infrastruktur layihələrinin istismar müddətini tamamlanmasına, onların istismarının əlverişsizliyinə gətirib çıxarır və bu məqsədlə tariflərin artırılması zəruri hala çevrilir. Eyni zamanda tariflərin artırılmasında başlıca məqsəd, korporativ məqsədlərlə yanaşı, istehlakçılar tərəfindən suya israfçılığın qarşısının alınmasıdır. ASC-nin əsas məqsədi istehlakçılara içməli su təchizatıdır, amma biz görürük ki, istehlaka təchiz edilən içməli su digər məqsədlər üçün, məsələn, suvarma məqsədləri üçün və ya sənaye sahəsində istifadə olunur. Bu da suyun israfçılığının qarşısını alınmasında təbii ki, ən mühüm problemlərdən birinə çevrilir”.

Abşeronda 2 gündür su niyə kəsilib?

“Azərsu”nun Planlaşdırma və keyfiyyətə nəzarət departamentinin rəisi Bahadur Kəngərli isə qeyd edib ki, son illərdə fasiləsiz su təchizatı 80 faizdən çoxdur: “Sovet dövründə Bakının layihələndirilmiş və dizayn olunmuş qurğuları bu imkana hesablanmamışdı”.  Departament rəhbərinin sözlərinə görə, Abşerondakı qəsəbələrdə su təchizatı olmayan yerlərdə şəbəkənin qurulmasına dövlət vəsait ayıracaq.

Müstəqil ekspertlər hesab edirlər ki, Azərbaycanda yalnız su deyil, bütün kommunal xidmət sektorunda şəffaflıq və hesabatlılıq yaradılmadan, müasir idarəetməyə keçilmədən tariflərin yüksəldilməsi ilə gözlənilən nəticələri əldə etmək mümkün olmayacaq. İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, kanalizasiya sistemi ilə təchiz olunmuş ərazilərdəki istehlakçılar üçün  əslində suyun dəyəri 1 manatdır: “Əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manatdan hesablamaq lazımdır. Çünki hökumət mənzildə nə qədər su istehlak eləsəniz, onu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır – bütün istehlakı içməli su və kanalizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır. Yəni su kranınız açıldığı an tarifi 1 manatdan hesablayır. Sayğac onu kanalizasiya və qeyri-kanalizasiya məqsədli su kimi ayırıb haqq hesablamır”.

Rövşən Ağayev: "Yardım alanların siyahısı açıqlanmalıdır" - AzToday

Rövşən Ağayev

Ekspertə görə, Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir:“Hətta çox insafsız şəkildə minimum istehlak normaları tətbiq olunan minimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub su istehlakı nəzərdə tutulur. 4 nəfərlik ailə üçün minimum 30 kub işlənir – hətta israfçılıq olmadan belə. Bu, 30 manat edəcək. Kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində olmasa idi, adi bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsə idi, hesabatlılıq və şəffaf qiymət əmələgəlmə sistemi olsa idi, xidmətlər keyfiyyətli olsa idi, qiymətlərin hətta bahalığı belə insanları indiki qədər narazı salmazdı. Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir. Hiss olunur ki, məmurların vətəndaşın cibindən real məlumatları yoxdur”.

R.Ağayev bildirir ki, qonşumuz Türkiyədə su və kanalizasiya xidmətləri tam bələdiyyələrin səlahiyyət dairəsinə aiddir: “Su tariflərini də insanların mandat verib seçdiyi yerli vəkillərdən ibarət məclislər (yerli parlamentlər) müəyyən edir. Yəni tariflərin formalaşması tam şəffaf, açıq müzakirələr nəticəsində baş verir. Ankaranın hazırkı bələdiyyə başqanının seçkilərdə əsas vədlərindən biri məhz baha suyu ucuzlaşdırmaq və yoxsul ailələrə güzəştli su tarifi tətbiq etmək idi. Fikrimcə, çox yaxşı və insanların razı qala biləcəyi pilləli tarif sistemi hazırda Məclisin müzakirəsindədir. Təklif olunur ki, sosial yardım alan ailələr hər kub üçün 1 TL (0.22 manat) ödəsin. 15 kuba qədər işlədənlər üçün 7.5 TL, 15 kubdan artıq işlədənlər üçün 9 TL.

Bir müqayisə deyim: hazırda Türkiyədə net minimum maaş 2825 TL-dir. Yəni 7.5 TL tariflə istehlak edənlər minimum maaşla çalışırsa, onların məvacibi 390 kuba yaxın suyun ekvivalentidir. Bizdə isə hazırda bu göstərici 250 kuba bərabərdir. Hələ nəzərə alın ki, Ankara bələdiyyəsinin su təsərrüfatı öz ayaqları üzərində qurulub, 1dollarlıq tarif onları qane edir. Güzəştli kateqoriyanı nəzərə alanda orta tarif 1 dollardan da aşağı düşür. Amma bizdə deyirlər ki, maya dəyərini tam ödəmək üçün gərək qiymət  2 manat (1.2 dollar) olsun. Hazırkı 0.6 dollarlıq tarif isə bütün xərclərinin bəlkə də 70 faizi ilə dövlət büdcəsinin çiynində oturmuş şirkətindir”.

Ekspert qeyd edir ki, hesabatlılıq və şəffaflıq çox aşağı səviyyədə, korporativ idarəetmə, ictimai nəzarət imkanı olmadığı bir şəraitdə xərclərin formalaşması, vəsaitlərdən səmərəli istifadə ilə bağlı quru statistik rəqəmlər ictimai güvən qazana bilməz: “Normalda heç olmazsa Hesablama Palatası Türkiyə nümunəsində olduğu kimi hər il bu şirkətləri kənar ictimaiyyət adına audit edə, hesabatların nəticələrini ictimailəşdirə bilər – bu da yoxdur.  Ona görə də tariflər hesabına davamlı olaraq gəlirləri artırmaq çıxış yolu deyil – xərclərin optimllaşdırılması baş verməyincə, bu şirkətləri büdcənin boyunundan endirmək mümkün olmayacaq”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənova görə, su tariflərinin ikiqat artmasının ailə büdcəsinə təsiri barədə verilən rəsmi açıqlamada yanlışlıq var: “Deyirlər, tariflərin qaldırılması nəticəsində ayda bir nəfər üçün xərclər 2.5 manat (istehlak səbətinə təsiri), abonent üçün 5 manat artacaq. Amma reallıqda  başqa göstəricilərə baxmadan, sadəcə, orta statistik ailə sayı üzrə hesablama aparmış olsaq, nəticələr tamam fərqlidir. Bakı şəhərində ailələrdəki üzvlərin orta sayı 3.64 nəfər, artan su xərci isə 9.1 manatdır.  Abşeron rayonunda ailələrdəki üzvlərin orta sayı  4.16 nəfər, artan su xərci 10.4 manat”.

Mütəxəssis: “Bahalı layihələrin xərcini sonunda sadə vətəndaşlar ödəyir”

“Azərsu”nun gəlirlərinin xərclərini ödəməməsinə gəlincə, ekspert deyir ki, bu qurum özü üçün 120 milyon dollara (204 milyon manat) inzibati bina tikməsə idi, ən azı, 4 il dövlət büdcəsindən subsidiya almaya bilərdi: “O da olmasa, ən azından pandemiyanın davam etdiyi və əhalinin gəlirləri minimum həddə düşdüyü hazırkı şərtlər daxilində qiymətlər artırılmazdı.  Dünya təcrübəsində flaqman tikinti layihələrini biznes yerinə yetirir, bu layihələrdən əsasən turizm məqsədləri (turistlərin cəlb edilməsi üçün) istifadə edilir və əsas məqsəd həm də iqtisadi aktivliyin artırılması olur. Bizdə isə müvafiq layihələr dövlət qurumları tərəfindən icra edilir (özlərinə inzibati bina tikmək üçün) və diqqət etsəniz, heç biri turizm məqsədləri üçün istifadə edilən yerlərdə tikilməyib. Bu layihələrin xərcini isə sonunda sadə vətəndaşlar ödəyir”…

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, hökumət də deyir ki, dövlət şirkətləri qeyri-rentabelli çalışır, gəlirlilik aşağıdır, büdcəyə ödədiklərindən qat-qat artığını dövlətdən alırlar: “Yaxşı, bəs bunu deyirlərsə, mövcud vəziyyətin səbəblərini araşdırıb onları aradan qaldırmaq da lazımdır axı. Səbəbləri müəyyənləşdirmək üçün normal bir audit yetərlidir. Belə audit çox rahatlıqla müəyyən edəcək ki, qiymətlər, maya dəyəri hansı mərhələdə şişir, niyə dövlət şirkətlərinin hər biri bir nəslin, qohumların nəzarətindədir, ailə biznesinə çevrilib, nəyə görə tenderlər şəffaf deyil, satınalmalarda qiymətlər şişirdilir və sair. Bunu edib problem olan sahələri müəyyənləşdirməkdən, onları aradan qaldırmaqdansa, hökumət korrupsiyalaşmış məmurların yaratdıqları izafi xərcləri vətəndaşın cibindən çıxartmaq yolunu tutdu”.

İqtisadçı hesab edir ki, baş verənlər bütövlükdə kommunal sektorda hökumətin atmağa hazırlaşdığı radikal addımlarla bağlıdır: “Tariflərin qaldırılması məsələnin görünən tərəfidir. Görünməyən tərəfi isə ondan ibarətdir ki, böyük ehtimalla, Azərbaycan hakimiyyəti qaz, su, elektrik enerjisinin paylayıcı şəbəkələrini özəlləşməyə açmağı planlaşdırır. Güman ki, şəbəkələr xaricdən dəvət olunacaq şirkətlərə veriləcək. Amma istehsal dövlətdə qalacaq – su anbarları, iri ötürücü xətlər və sair. Qazda və elektrik enerjisində də eyni olacaq. Xarici şirkətlərin gəlməsi üçün tariflərin yüksək olması lazımdır – onlar gələndən sonra bu addımı atmaq ciddi sosial gərginliyə yol aça bilərdi. Buna görə də hökumət indidən qiymətləri qaldırır ki, həm sonra sosai gərginlik yaranmasın, həm də təklif etdiyi şəbəkə gəlirliliyin yüksəkliyi ilə xarici investorları cəlb edə bilsin. Buna görə də növbəti mərhələdə əhaliyə satılan təbii qazın, elektrik enerjisinin də qiyməti qaldırılacaq, yenə də izahat kimi büdcədən subsidiyalaşmanın qarşısının alınması qeyd ediləcək. Özlüyündə özəlləşmə, xüsusilə kommunal xidmət sektorunda çox zəruridir. Lakin ağrılısı odur ki, bunun yükü vətəndaşın çiyinlərinə qoyulur”.

N.Cəfərli xatırladır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi su təminatında da ciddi dəyişikliyə imkan yaradır: “Bu qələbə bizi həm də ona görə sevindirdi ki, Azərbaycanda irihəcmli təbii su mənbələrinə çıxış imkanı yarandı. Bu, son nəticədə qiymətləri aşağı salacaq faktor olmalıydı, lakin əksinə proses baş verdi”.