Kapitulyasiya edən ölkədə sabaha ümidsizlik sürətlə artır, səbəb həm də siyasət meydanında at oynadan radikal-revanşistlərdir; erməni deputat: “Növbəti mühacirət ermənilər üçün ən böyüyü olacaq…”

44 günlük müharibədəki kapitulyasiyadan 3 aya yaxın zaman keçsə də, Ermənistan dövlət və cəmiyyət olaraq hələ də yeni reallıqla barışa, nəticələrə görə məsuliyyəti bütünlüklə öz üzərinə götürə bilməyib. Səbəblərdən biri bu toplumun on illərlə ona sırınan miflərlə yaşamasıdırsa, digər heç də az önəm kəsb eləməyən faktor radikal-revanşist və avantürist qüvvələrin cəmiyyəti təzədən yanlış səmtə yönəltmək yönündə səngiməyən cəhdləridir.

Sonuncuların özəyini isə hakimiyyətdən qovulan keçmiş siyasi qüvvələr, o sırada “Qarabağ klanı”ndan tutmuş, “Sasna tsrer” kimi terror təmayüllü ən müxtəlif qurumlar təşkil edir. Beləcə, Azərbaycanın “dəmir yumruğu”ndan sonra da İrəvanda qaynar başlar meydan sulamağa davam edir.

Müharibəni rüsvayçı şəkildə uduzan Ermənistan üçün bu alçalmaya ən birinci cavabdeh olan həmin qaynar başlar indi də yüksək səslə bildirirlər ki, Ermənistan ordusu guya “təzədən dirçələcək və düşmənə layiqincə cavab verəcək”. Erməni xalqına isə hazırda belə xam xəyalların ardınca getmək yox, təcili şəkildə müharibənin nəticələri ilə, yeni situasiya ilə barışmaq lazımdır ki, bəlkə qurtuluş əldə edə.

Təəssüf ki, bu, baş vermir və revanşist ovqatın qalması Azərbaycana qarşı yeni təxribatların mümkün olduğunu göstərir. Lakin ölkəmizə qarşı növbəti təxribatların nəticələrinin Ermənistan üçün yeni və daha ağır itkilərlə nəticələnəcəyini İrəvanda anlamalıdırlar. İntiqam hissi ilə alışıb yanan qaynar erməni başlarını “dəmir yumruq” ayıltmağa hazırdır.

*****

Qonşu ölkədə paralel surətdə Nikol Paşinyan hökumətinə qarşı radikal çağırışlar artmaqdadır. Hətta konkret olaraq, istefaya getmək istəməyən Paşinyanla fiziki haqq-hesab çəkmək kimi terror çağırışları az qala adiləşib. Ötən həftə bütün dünya bunun bir daha şahidi oldu. Təbii ki, iqtidar da hədələrin fərqindədir. Artıq belə çağırışları edən bir neçə radikal ünsür saxlanılıb.

Paşinyan hökumətin iclasını hamı üçün açıq keçirəcək

Diqqətçəkicidir ki, həbs olunanların müdafiəsinə ilk qalxan “Sasna tsrer” rəhbərliyi olub. Partiya bəyan edib ki, əgər tezliklə tutulanlar buraxılmasa, Nikol Paşinyan hökuməti üçün on qat, hətta min qat pis olacaq.

Yada salaq: bu o partiyadır ki, onun Jirayr Səfilyan başda olmaqla, liderləri 2016-cı ilin yayında, Serj Sərkisyan dönəmində İrəvanda polislərə qarşı terror aktı törətdiyi üçün həbsə atılmışdılar və Paşinyan “məxməri inqilab” nəticəsində iqtidara gələndən sonra onları azad elədi. Terror qruplaşmasi ardınca “partiya”ya çevrildi və parlament seçkilərinə də qatıldı. Amma indi həmin qruplaşma-partiya Paşinyanın özünü terrorla təhdid edir.

Bu fakt Ermənistanda siyasi mübarizədə terror amilinin aparıcı rol oynadığını növbəti dəfə sübut eləməklə yanaşı, siyasi qüvvələr arasında münasibətlərin də anormal dəyərlərə əsaslandığını göstərir. Bir sözlə, məğlub ölkədə hazırda həm yeni terror küləkləri əsir, həm də əks-inqilab ruzigarları. Bunun isə tək səbəbi ermənilərin toplum olaraq, hələ də miflərdən, Türkə aşırı nifrətdən qurtula bilməməsidir…

*****

“Dağlıq Qarabağ və ona bitişik yeddi bölgənin işğalı zamanı Ermənistanda alternativ tarix ideoloqları daha da fəallaşmışdılar. Əvvəlki ideoloji doktrinanın tam şəkildə dəyişilməsini tələb edirdi, çünki o, bölgənin demoqrafik xəritəsindəki zorakı dəyişikliyin nəticələrinə cavab verməli idi”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu erməni siyasi icmalçı Robert Qazaryan “Vestnik Kavkaza”dakı müəllif məqaləsində yazıb.

Erməni əsir özləri haqqında dərk etdiyi acı həqiqəti “Kommersant”a danışdı  | KONKRET

 Robert Qazaryan 

Qazaryan yazır ki, erməni etnosentrizm nəzəriyyəçilərinə görə, bir neçə onilliklər ərzində nağıl dünyasında yaşamış insanlar artıq sırınan mifin hüdudlarından kənara çıxa bilməyəcəklər, nədən ki, miflərdən kəskin şəkildə fərqlənən yeni reallıqları adekvat şəkildə qəbul etməyi bacarmayacaqlar.

“Erməni etnosentrizminin ideoloqları özlərini əlçatmaz bir zirvəyə qoyaraq, ”qədim torpaqları” azad edənlər, milli dirçəlişin baniləri kimi göstərdilər. O vaxt erməni xalqının “müqəddəs mübarizəsi”nin hazırda sağ qalan təbliğatçılarından heç biri separatizmin müvəqqəti qələbəsi şəraitində etnosun marginallaşması təhlükəsi barədə düşünmürdü. Dağlıq Qarabağda müharibədən sonrakı müasir reallıq isə etnik və dini amillərlə deyil, əsasən sosial amillərlə müəyyənləşir. Bölgə hələ özünü uzaq və yaxın keçmişin mifologiyasına birbaşa təsir göstərən etnosentrik dünyagörüşündən qurtulmalıdır”, – deyə müəllif qeyd edib.

*****

Bu arada qonşu ölkədə ermənilərin növbəti və daha böyük köçə hazırlaşdığı haqda məlumatla gəlməkdədir. Özü də bunu yerli müşahidəçilər də etiraf və qeyd edirlər. Xatırladaq ki, fevralın 1-dən etibarən Rusiya bir aylığa Ermənistan vətəndaşları üçün hava sərhədini açdığını elan edib.

“Təəssüf ki, növbəti mühacirət ermənilər üçün ən böyüyü olacaq”.

“Yeni Müsavat” xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” fraksiyasından olan parlament üzvü Naira Zöhrabyan özünün facebook səhifəsində yazıb.

İki əsas məsələ var: Paşinyanın istefası və ...” – Erməni deputat Naira  Zöhrabyan

Naira Zöhrabyan

Türkə patoloji nifrəti hər zaman aşıb-daşan Zohrabyan ardınca bildirir: “Erməni ailəsinin çıxıb getmək üçün bilet əldə edən ilk şanslılardan olmasına necə sevindiyini görmək lazım idi. Dünən (srağagün – red.) Moskvaya bir tərəfə bilet 700 dollara satılırdı. Əgər az sonra Moskvaya bilet hərracda satılarsa, təəccüblənməyin. Gündəlik çörək problemini həll etmək üçün Ermənistanı tərk edən ermənini günahlandırmağa mənim haqqım yoxdur. Ən dəhşətlisi odur ki, onun sabah türklərin onun evinə girməyəcəyinə inamı itib”.

Deputatın iddiasına görə, bu gün erməni öz vətənində ən zəif mühafizə altındadır:“Maraqlı bir qanunauyğunluq: Ermənistanı tərk edənlərin əksəriyyəti Nikolu seçənlərdir. Yəni o kəslər ki, ən çox Nikolun simasında qurtuluşa inanıblar və indi çarəsiz qalıblar. Nikolun gedəcəyinə zərrəcə şübhə etmirəm. Mənim üçün, mənim kimi düşünənlər üçün Nikol problem deyil. Ermənistanın problemi – bilet almaq və vətənlərini tərk etmək üçün 700 dolları olmayan, lakin Nikolu səhvsiz sayanlardır. Bu, o adamlardır ki, hələ də Paşinyana süni nəfəs verir və Qarabağın təslim edilməsini, eləcə də bir neçə nəslin qırğınını təbii və məqbul hesab edirlər. Mən belə düşüncəli ermənilərdən qorxuram. Bu insanlar bizim faciəmizdir, dövlətçiliyimizə və varlığımıza bir təhdiddir”, – deyə Zöhrabyan qeyd edib.

Əslində isə erməni xalqının və dövlətinin ən böyük faciəsi praqmatik düşüncəli Nikol tərəfdarları yox, məhz faşist-daşnak mövqeli zohrabyanların özləridir. Nə qədər ki, “böyük Ermənistan” mifi ilə yaşayan bu radikallar erməni siyasətində meydan sulayacaqlar, o vaxtadək bu xalqın iztirabları bitməyəcək, demək, böyük köçlər də davam edəcək. Buna zöhrabyanlar tezliklə və bir daha özləri də əmin olacaqlar…

Analitik xidmət,
“Yeni Müsaat”