Abşeron rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Cavid Hüseynovun icraatındadır.

Qeyd edək ki, hadisə oktyabrın 30-u saat 12 radələrində Abşeron rayonunda baş verib.

Digah qəsəbə sakini, 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Hüseynov tutularaq istintaqa cəlb olunub.