Erməni mənbələrinin iddialarına görə, Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdəki silahlılar azsaylı qruplarla Ermənistana aparılır, sonra isə bir daha geri qaytarılmır və bu, siyasi razılaşmanın nəticəsidir; Eyni zamanda, iddia olunur ki, Azərbaycan Dağlıq Qarabağa doğru hərəkət edən bütün hərbi və mülki texnikaya nəzarət imkanlarına sahibdir…

Ermənistan “qapalı qara qutu”ya çevrilməyə başlayıb. Əlbəttə, bu “qapalı qara qutu”nun içərisi yəqin ki, tam boş olmaz, sadəcə, qapağı açılanda nə çıxacağı məlum deyil. Və bu, istər-istəməz qeyri-müəyyənliyi ciddi şəkildə artırır.

Məsələ ondadır ki, hazırda Ermənistanın hansı siyasi qruplaşma tərəfindən idarə olunduğu kifayət qədər ciddi suallar doğurur. Yəni bu ölkədə kimin siyasi iradəsinin birmənalı olaraq, keçərli xarakter daşıdığı müzakirəyə açıq mövzudur. Siyasi böhran da əslində, elə bu problemdən qaynaqlanır.

Düzdür, Ermənistanda prezident də var. Ancaq prezident Armen Sarkisyanın dövlətin idarə olunması sistemindəki səlahiyyətləri İngiltərə kraliçasından daha çox deyil. Yəni, bu adamın əsas işi qarşısına qoyulan bəzi sənədləri imzalamaqla məhdudlaşır.

Ermənistanın qanuni siyasi lideri baş nazir Nikol Paşinyan hesab olunur. Ancaq 44 günlük savaşda biabırçı məğlubiyyət onun da siyasi iradəsini az qala hökumət binasının içərisinə sıxışdırıb.

Digər tərəfdən, Ermənistanı qeyri-leqal şəkildə idarə etməyə cəhd göstərən siyasi klan qruplaşmaları da var. Əsasən, radikal revanşist mövqedə olan, qeyri-leqal idarəçiliyə can atan siyasi klan qruplaşmaları öz davranışları ilə Ermənistanda hakimiyyət böhranı yaratmağa nail olublar. Yəni, görünən odur ki, Ermənistan çoxhakimiyyətlilik mərhələsindən keçməkdədir.

Belə qeyri-müəyyən şəraitdə isə Paşinyan hakimiyyəti ölkənin rəsmi təmsilçisi kimi, 10 noyabr anlaşmasını və 11 yanvarda imzalanmış Moskva bəyannaməsini yerinə yetirmək məcburiyyətindədir. Ancaq radikal revanşist siyasi klan düşərgəsi bütün bunlara müqavimət göstərməyə çalışır. Bir sözlə, Ermənistan hərənin bir tərəfə çəkməyə çalışdığı “köhnə araba”ya bənzəyir.

Üstəlik, israrla müxtəlif tərəflərə dartışdırılan “köhnə araba”nın bir küncündən Ermənistan cəmiyyətində güclü təsirə malik olan keşişlər də yapışıblar. Bir müddət öncə baş nazir Nikol Paşinyanı kilsədən qovan keşiş zehniyyəti də ölkənin idarə olunmasında pay sahibidir.

Hətta erməni katolikosu II Qaregin dövlətin gələcəyini kilsənin maraqları ilə uzlaşdırmaq niyyətini də qətiyyən gizlətmir. Onun fikrincə, Ermənistan dövlətçiliyinin itirilməsi ilə bağlı təhlükə həmişə var. Ancaq Ermənistan heç vaxt indiki kimi belə ağır duruma düşməyib:  “Baş nazir Nikol Paşinyanın istefa verməsi ilə bağlı tələb qüvvədədir”.

Yəni, bütün siyasi-ictimai qalmaqal biabırçı kapitulyasiya sənədinə imza atmış baş nazir Nikol Paşinyanın istefa verməsi ilə bağlı tələblərdə qapanır. Deyəsən, elə hesab edirlər ki, baş nazir Nikol Paşinyan istefa versə, yeni hakimiyyət vəziyyəti qısa müddətdə Ermənistanın xeyrinə dəyişə biləcək. Və üç dövlət arasında imzalanmış anlaşmaların şərtlərini yerinə yetirməyə ehtiyac qalmayacaq.

Yəni, yenə də “erməni xəyalları”nın “ümid istehsalı” tam gücüylə işləyir. Ancaq hər şeyi xəyallarla, ümidlərlə dəyişdirmək mümkün olsaydı, insanlar xəyal qurmaqdan başqa heç nə ilə məşğul olmazdılar. Bir ölkədə baş nazirin istefası ilə bir neçə daha güclü dövlətin maraqlarını məğlub etmək mümkün olsaydı, dünya istefa qalmaqalları ilə idarə olunardı.

Ancaq ən təəccüblüsü odur kı, xəyallar aləmində olanların sırasına hətta Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da qatılıb. R.Köçəryan həm də çox “uzaqdan” gəlir. O, keçmişi xatırlayıb, vaxtilə Azərbaycana Dağlıq Qarabağın əvəzində Naxçıvana dəhliz təklif etdiklərini vurğulayıb: “Ancaq o dövrdə Azərbaycan bu təkliflə razılaşmadı. İndi isə Azərbaycan həm Dağlıq Qarabağı, həm də Naxçıvana dəhlizi alıb. Ona görə də, baş nazir Nikol Paşinyan mütləq istefa verməlidir. Ermənistan itirilmiş mövqelərini geri qaytarmağa çalışmalıdır”.

Göründüyü kimi, Ermənistanın keçmiş prezidenti də revanşist siyasi klan qruplaşmasının ortaq iki hədəfinə sadiqdir. Yəni, onun fikrincə, əvvəlcə özünün şəxsi düşməni olan baş nazir Nikol Paşinyan sıradan çıxarılmalıdır, ardınca da revanşa cəhd göstərilməlidir.

Ancaq keçmiş zamanların xiffətini çəkən keçmiş prezident önəmli bir məqamı unudur – hər dövrün öz hökmü var. O dövrdə Ermənistan işğal etdiyi Dağlıq Qarabağı Azərbaycandan hüquqi cəhətdən də qoparmaq istəyirdi. Ancaq Azərbaycan buna imkan vermədi. Bu dövrdə isə Ermənistan işğal etdiyi əraziləri qaytarmaq istəmirdi. Ancaq Azərbaycan savaşa başladı və öz torpaqlarını geri aldı. Məsələ bu qədər bəsitdir və bu revanş cəhdləri də boş xülyadan başqa bir şey deyil.

Hər halda, keçmiş prezident R.Köçəryan, ölkəsinin keçmiş müdafiə naziri D.Tonoyanın  Azərbaycanı “yeni müharibə, yeni torpaqlar” sərsəmləməsi ilə hədələməsinin mövcud nəticələrini də qətiyyən nəzərdən qaçırmamalıdır. Bu sərsəmləmənin indiki situasiyanın yaranmasında oynadığı rolu hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov da vurğulamaq məcburiyyətində qaldı.

İndi isə artıq daha bir növbəti dövr də başlayıb. Ermənistanda baş nazir Nikol Paşinyan istefa versə və ya devrilsə də, yeni hakimiyyət gəlib, müqavimət göstərməyə çalışsa da, heç bir şey dəyişməyəcək. Ermənistan üç dövlət arasında imzalanmış anlaşmaları ən xırda detallarına qədər yerinə yetirməyə məcbur olacaq.

Həmin anlaşmaların bəzi müvəqqəti olaraq, ictimailəşdirilməyən önəmli məqamları isə tədricən ortaya çıxan yeni reallıqlar sayəsində aydınlaşmaqdadır. Artıq birmənalı şəkildə şübhə doğurmur ki, Xankəndi də daxil olmaqla, Azərbaycan ərazisində bir nəfər də olsun, silahlı erməni qalmayacaq. Bunu erməni ekspertlər də təsdiqləyirlər.

Bu baxımdan, erməni hərbi-siyasi analitik Hayk Naqapetyanın dedikləri böyük maraq doğurur: “Ermənistan vətəndaşları artıq Dağlıq Qarabağda hərbi xidmət keçə bilməyəcəklər. Bu, siyasi razılaşmanın nəticəsidir. Ordu komandirləri də onlara bu barədə verilən əmri artıq yerinə yetirirlər”.

Əlbəttə ki, burada təəccüblü heç nə yoxdur. Ermənilərin də təəccüblənməsi tamamilə yersizdir. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Əlində silah olan Ermənistan vətəndaşının Azərbaycanda nə işi var? Hər bir vətəndaş öz ölkəsinin ərazisində hərbi xidmət keçməlidir. Azərbaycan vətəndaşları da Ermənistan ərazisində hərbi xidmət keçmirlər. Deməli, silahlı ermənilər də ən qısa zamanda bir daha dönməmək şərtilə Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Maraqlıdır ki, erməni hərbi-siyasi analitik Hayk Naqapetyan bu prosesin artıq başlandığını da vurğulayıb. Onun sözlərinə görə, Dağlıq Qarabağdakı erməni hərbçilər azsaylı qruplarla oradan çıxarılır: “Bu hərbçilər Ermənistana gəldikdən sonra bir daha geri qaytarılmırlar. Digər tərəfdən, Ermənistandan Qarabağa getmək istəyənlər də Azərbaycan Ordusunun nəzarətindəki yollardan keçməlidirlər. Məsələn, kimsə getmək istəyirsə, Gorus yolundan keçməlidir, hərçənd burada bir çox ərazilər Azərbaycanın nəzarətindədir. Əslində, Ermənistandan Dağlıq Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir”.

Yəni, erməni analitik hesab edir ki, Dağlıq Qarabağda əslində, hər şey Azərbaycanın nəzarətindədir. Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan silahları yenidən ora göndərmək qətiyyən mümkün deyil.

Göründüyü kimi, ermənilərin Laçın dəhlizinə bağladıqları böyük ümidlər o qədər də əsaslı deyil. Çünki Azərbaycan Laçın dəhlizinə qədər bir çox şeylərə ora çatmamış nəzarət etmək imkanına malikdir.

Beləliklə, erməni analitikin də dediklərindən aydın olur ki, üç ölkə arasındakı anlaşmalarda hər halda, ictimailəşdirilməyən müəyyən məqamlar olmamış deyil. Sadəcə, zaman keçdikcə, situasiyanın tələblərinə uyğun şəkildə həmin müvəqqəti gizli qalmış məqamlar ortaya çıxmağa başlayıb.

Yəqin ki, anlaşmalar icra edildikcə, bir çox suallara tədricən cavablar da tapılacaq. Prosesin gedişi onu göstərir ki, bütün cavablar Azərbaycanın xeyrinə olan məzmun daşıyır.

Musavat.com