Xəbər verildiyi kimi, Azərbaycan, Rusiya və Ermənistan arasında növbəti üçtərəfli görüş Baş nazirlərin müavinləri səviyyəsində 30 yanvar 2021-ci il tarixində Moskvada reallaşacaq.

Görüşdə biri Naxçıvanı Azərbaycana, digəri Ermənistanı Rusiyaya bağlayan iki dəmir yolu layihəsi müzakirə ediləcək.

Rusiya Elmlər Akademiyasının baş elmi işçisi Viktor Nadein-Rayevski “Sputnik”ə açıqlamasında bu layihələrin reallaşmasının yalnız Azərbaycan və Ermənistana fayda gətirməyəcəyini, ümumilikdə bütün bölgənin inkişafına töhfə verəcəyini bildirib.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsinin bu günə qədər yalnız İran ərazisi və ya hava yolu ilə həyata keçirildiyini xatırladan Nadein-Rayevski birbaşa quru əlaqəsinin Bakıya faydalı olacağını qeyd edib: “Bu layihə həm də Ermənistanın xeyrinədir. Rusiya və Ermənistan arasındakı yolların Azərbaycan üzərindən yenidən açılması son dərəcə vacibdir. Çünki bu, Gürcüstan ərazisindən keçən və ya açılması planlaşdırılan magistral yollardan fərqli olaraq daha etibarlı yoldur. Gürcülərin Abxaziya yolundan istifadə edilməsinə mane olması, Ermənistanın ixracat və idxalının qarşısını ciddi şəkildə alırdı.

Buna görə də açılacaq dəhlizlər həm Ermənistanın inkişafına kömək edəcək, həm də tranzit haqqı, xidmət işçiləri və bir çox digər məsələlərə görə Azərbaycan üçün son dərəcə faydalı olacaq. Bu, ölkələrdə məşğulluğun artmasına və ümumilikdə bölgə iqtisadiyyatının aktiv inkişafına kömək edəcək”.

O, bu xətlərin Türkiyəyə də fayda gətirəcəyini söyləyərək, Türkiyənin Ermənistan üzərindən türk dünyası ilə birbaşa quru əlaqəsinin bərpa ediləcəyini bildirib:

“Böyük işə başlayırıq. Məsələnin kommersiya hissəsi bu dəhlizlər vasitəsilə yönəldilən yük trafikindən asılı olacaq. Düşünmürəm ki, Qafqaz ölkələrinin infrastrukturu bu cür yük trafikinə tamamilə hazırdır. Bu mənada , xüsusən də Ermənistanın durumu yaxşı olmaqdan çox uzaqdır. Ayrıca, çox güman ki, Ermənistan dəmir yolları tikməyə pulu da yoxdur. Bildiyim qədər, əvvəllər dəmir yolları var idi, amma indi relslər bir çox yerlərdə sökülüb”.

Rayevski qeyd edib ki, layihələrin həyata keçirilməsi və gələcəyi müvafiq tərəflərin davranışlarından asılıdır: “Bu layihələrin uğurlu olmasının şərtlərindən biri tərəflərin öhdəliklərinə riayət etməsidir. Marşrutların gələcək inkişafı bir çox cəhətdən onların təhlükəsizliyindən asılıdır. Hesab edirəm ki, bu məsələni də həll etmək mümkündür”.