Qarabağla bağlı üçtərəfli görüşün nəticələri Ermənistanda böyük məyusluq doğurub; qalib Azərbaycan prosesləri diktə edir; Tofiq Zülfüqarov: “Ermənilər cəhd edirdilər ki, siyasi status məsələsini gündəmə gətirsinlər”

Yanvarın 11-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Qarabağa dair Moskva zirvəsi keçirildi. Təqribən 4 saat davam edən qapalı danışıqlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yekun açıqlaması ilə başa çatdı.

Bağlı qapılar arxasında gedən danışıqların detalları barədə kənara hələlik məlumat çıxmayıb. Ona görə də hər ağızdan bir avaz gəlir. Lakin iki döyüşən dövlətin rəhbərlərinin mətbuat konfranslarındakı çıxışları geniş müzakirə mövzusudur: Prezident İlham Əliyevin və baş nazir Paşinyanın. Onların qısa açıqlamaları və davranışları analitiklər üçün ciddi ipucları sayıla bilər. Məsələn, İlham Əliyevin açıqlamasındakı əsas məqam olduqca ilginc idi. O, özünə məxsus olan məşhur tezisi Moskva zirvəsində də səsləndirdi: “Münaqişə arxada qaldı, gələcəyə baxmaq lazımdır…”

27 sentyabr – 10 noyabr təqvimlərində davam edən və tarixə 44 günlük müharibə kimi düşən İkinci Qarabağ müharibəsi Azərbaycanın xeyrinə bitib və Ermənistan darmadağın edilib. Belə bir məqamda qalib ölkənin prezidentinin 61 günlük atəşkəsdən sonra belə bir açıqlanma verməsi və qətiyyətli, soyuqqanlı davranışlar sərgiləməsi diqqətə alınmalı detaldır. Prezident Əliyev Azərbaycan xalqı qarşısında söylədiyi fikirləri Moskva zirvəsində Putinin və düşmən ölkə sayılan Ermənistanın baş naziri Paşinyanın da yanında söylədi. Ən əsası da bunu ictimai qaydada, mətbuat konfransında bəyan etdi. Azərbaycan üçün münaqişə bitmişdir və rəsmi Bakı gələcəyə, Qarabağın və kommunikasiyaların qurulmasına, işgüzar əlaqələrin yaradılmasına baxır. Tərəflərin imzaladığı (İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın-red.) üçlü bəyanatın məzmunu da Azərbaycan Prezidentinin verdiyi açıqlama istiqamətində idi. Orada da məhz gələcək kateqoriyasında birgə fəaliyyətə dair niyyətlər var.

Moskvada Qarabağ görüşü: məzmun və nəticə nə vəd edir?

Bu baxımdan, o cümlədən də Paşinyanın verdiyi qısa və ürkək açıqlamada dediklərini diqqətə alsaq, Moskvadakı Qarabağ zirvəsində qəbul olunan bəyanat – niyyət protokolu daha çox Azərbaycanın mövqeyidir, nəinki Ermənistanın. Hətta bir sıra erməni ekspertlər də görüş sonrası açıqlamalarında müzakirələrdə və imzalanan bəyanatda diktə edən tərəfin Azərbaycan olduğunu etiraf ediblər. Bu yerdə diqqət edək: Nikol Paşinyan öz açıqlamasında nələri demişdi? Paşinyanın açıqlaması Rusiya prezidentinə təşəkkürdən və şikayətdən ibarət idi. İki məsələdən şikayətçi idi baş nazir: Birinci, status məsələsi müzakirə olunmayıb və onun nəzərində açıq qalıb (Azərbaycan Prezidenti isə deyib ki, status cəhənnəmə gedib, gorbagor olub); ikinci, əsir və girovların məsələsi həll olunmayıb, gündəmə salınmayıb. Bu yerdə qeyd edək ki, Azərbaycanın əlində 62 erməni silahlısı var və rəsmi Bakı onları hərbi əsir yox, terrorçu elan edib. Özü də əsasən Şirak vilayətindən olduqları bildirilən erməni terrorçuları Azərbaycan vətəndaşlarına qarşı cinayətlərə 10 noyabr razılaşmasından sonra da yol veriblər. Nəticədə həlak olan və yaralananlar olub. Bakı bəyan edib ki, erməni terrorçuları qanun qarşısında cavab verəcəklər.

Yuxarıda qeyd olunanları nəzərə alsaq, görünən budur ki, Paşinyan bu görüşə iki məsələ ilə gəlib və onlardan ikisi də açıqda qalıb. Əvəzində onu və Ermənistanı başa salıblar ki, gələcəyə bax! Kommunikasiyaların açılmasına, 10 noyabr bəyanatının bəndlərinin icrasına diqqət et!

Beləliklə, Moskva görüşündə Ermənistanın istədikləri, Azərbaycan müxalifətinin isə qorxduqları olmadı. Nə Hadrut erməniyə verildi, nə Şuşa, nə də sülhməramlıların statusunun təsdiqi məsələsi qaldırıldı… Bu görüş bütün mənalarda Azərbaycanın qalib statusunun əski post sovet məkanında daha bir nümayişi idi və bu baxımdan, digər aspektlərdən də zərərimizə deyildi.

Xüsusilə də Mehri dəhlizinin açılması istiqamətində proseslərə start verilməsi müstəsna əhəmiyyətli məsələdir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da “Yeni Müsavat”a şərhində bildirdi ki, Moskva görüşü və imzalanan sənəd Azərbaycanın maraqlarına uyğundur: “Çünki ən vacib məsələlərdən biri olan Naxçıvanla Azərbaycanın digər hissəsi arasında əlaqənin bərpası idi. Bu, bizim üçün daim strateji və vacib bir məsələ olub. Üstəlik də bu, birbaşa Türkiyə ilə əlaqənin yaranması və quru əlaqənin qısalması da çox əhəmiyyətlidir. Eyni zamanda bir məsələyə də toxunmaq istəyirəm. Bu məsələdə bizə yardımçı Rusiya olub, hər halda, bu, qəribə, gözlənilməz bir haldır. Bəlkə də Rusiyanın marağı “Şimal-Cənub” dəhlizinin bir hissəsinin bölgədən keçməsindən ibarətdir. Yaddan çıxartmayaq ki, sovet vaxtı buraya Culfa istiqamətindən İranın da qoşulması məsələsi var idi. Bu baxımdan Türkiyədən başqa, həm İran, həm Rusiyanın maraq göstərməsi, hər halda, həm gözlənilən, həm də çox sevindirici bir haldır”.

T.Zülfüqarov digər mühüm məsələdən də bəhs etdi: “Ermənilər cəhd edirdilər ki, siyasi status məsələsini gündəmə gətirsinlər. Amma siyasi status mövzusu nə üçtərəfli bəyannamədə olub, nə də bundan sonra ona aid fikirlər səslənməyib. Hətta Putiinin səsləndirdiyi status məsələsində də heç siyasi statusdan söhbət getməyib. Amma baxın, həm Makronun zəngi, həm də Paşinyanın bu bəyanatı səsləndirməsi onu göstərir ki, ən azı Fransa Minsk Qrupunun fəaliyyətinin bərpasını istəyir. Orada da əsas mövzu olaraq guya statusun həll olunmaması vəziyyətini göstərmək istəyirlər. Bu da təbii ki, Azərbaycanın mövqeyinə ziddir. Biz başa düşməliyik ki, yaxın zamanda bu cəhdlərə ABŞ da qoşulacaq. Çünki ABŞ-ın indiki-gələcək administrasiyası, mənim təhlilimə görə, ən ermənipərəst administrasiyalardan biri ola bilər. Bu baxımdan onların bu mövzulara qoşulması təbii ki, bizim mövqeyimizə bir az təhlükələr yaradır, biz bunu görməliyik”. Amma politoloq hesab edir ki, eyni zamanda biz başa düşməliyik ki, bu cəhdləri neytrallaşdıran təzə bir qurum mövcuddur: “Bu da Türkiyə-Rusiya cütlüyüdür ki, indi bölgədə fəaliyyət missiyasını öz üzərinə götürüb. Yəni Azərbaycan çox mürəkkəb və eyni zamanda çox effektli taktikanı tətbiq etdi. Yəni Fransanın status iddiasını, daha doğrusu, ermənipərəst mövqeyini Rusiya-Türkiyə cütlüyü neytrallaşdırır. Eyni zamanda hələ Rusiyanın da burada bəzi ermənipərəst fəaliyyəti Türkiyənin olması bir qədər neytrallaşdırır. Yəni bəzən mürəkkəb görsənən, amma gördüyümüz kimi,  hər bir görüşdə, danışıqlarda öz nəticəsini verən bir strategiyadır ki, Azərbaycan onu uğurla tətbiq edir”.

Qapalı danışıqların detallarından məlum məsələlərə görə xəbərdar deyilik. Amma şübhə yoxdur ki, həm üçtərəfli, həm də ikitərəfli – Əliyev-Putin görüşündən söhbət gedir – danışıqlarda erməni terrorçularının, qanunsuz silahlı birləşmələrin bölgədən çıxarılması, Laçın dəhlizinə nəzarət funksiyasının həm də Azərbaycana məxsus olması, Xankəndi və digər nəzarətsiz ərazilərdə də bayrağımızın ucalması, eyni zamanda sülhməramlıların bəzən “qırmızı xətti” keçməsi, erməni separatçılarının barəsində cinayət işi qaldırılan rəhbərlərinin fəaliyyətinə göz yumulması, hətta bir sıra hallarda onların özbaşınalığının stimullaşdırılması kimi məsələlər də diskussiya mövzusu olub.

T.Zülfüqarov da buna şübhə etmir:“Gördüyümüz kimi, Azərbaycan terrorçuların əsir kimi qaytarılması barədə ermənlərin istəyini qəbul etmir. Bu da dolayısı ilə pərdəarxası diskussiyaları açıqlamış olur. Biz orada görürük ki, Azərbaycan birmənalı və qəti şəkildə bir məsələni qaldırıb: Ermənistanın hərbi qulluqçuları Azərbaycan ərazisində, istər Azərbaycan Ordusunun nəzarəti altındakı bölgədə, istərsə də müvəqqəti nəzarəti altında olan ərazilərdə olmamalıdır. Hesab edirəm ki, bu qəti mövqeyi gec və ya tez sülhməramlılar həyata keçirməlidir. Təbii ki, Ermənistan bunu istəmir. İrəvanın məqsədi yenə də statusa qayıtmaqdır. Onlar elə bilirlər ki, status məsələsi həll olunmayıbsa, Qarabağda erməni ordusunun olmasının siyasi baxımdan hansısa əsasları var, söhbət bundan gedir”.

Putin bir neçə ölkənin lideri ilə danışıqlar aparıb

Eks-nazir Rusiya prezidentinin danışıqlar zamanı sərgilədiyi mövqeyindən də bəhs etdi:“Biz Putinin mövqeyində dinamikanı görməliyik. Baxın, görüşün əvvəlində Minsk Qrupunun fəaliyyətinin və Rusiyanın görüşün təşkilindəki fəaliyyətinin sanki üst-üstə düşməsinə işarə edir. Amma yekun sözündə biz gördük ki, Paşinyandan başqa, Minsk Qrupunu yada salan olmadı, bu da çox maraqlı bir məsələdir”.

Azərbaycanın ərazi bütövlüyünün konkret saziş əsasında tanımadığı halda, Ermənistanın blokadadan çıxarılmasına aparan addımların atılması, kommunikasiyaların açılması, nəqliyyat və iqtisadi əlaqələrin bərpasından narahat olanlar da az deyil. Politoloq hesab edir ki, hələlik məsələnin tam şəkildə həll olunmaması məsələsi göz qabağındadır: “Təbii ki, Azərbaycan buna da hazırdır. Çünki təzminat məsələləri, digər məsələlər var. Bunların hamısının kompleks şəkildə formalaşmasından və Ermənistan tərəfindən buna reaksiya verilməsindən sonra biz hansısa sülh sazişindən danışa bilərik. Amma sülh şəraitini daha da cəlbedici etmək üçün iqtisadi əməkdaşlıq üsullardan biri olacaq. Çünki qapının qıfılı bizdə olacaq”.

Müşahidələr, tarixi bağlılıqlar və təcrübə göstərir ki, Ankara da prosesin içərisindədir, əks təqdirdə, Bakı 1993-cü ildən bu günədək məhz Azərbaycan torpaqlarını işğalda saxladığına görə Ermənistanın üzünə qapılarını bağlayan Türkiyənin mövqeyini nəzərə almadan, onunla məsləhətləşmədən kommunikasiyaların bərpasına razılıq verməzdi. Sabiq nazir də bu yanaşmaları bölüşür: “Ermənistan da istəyəcək ki, Türkiyə vasitəsilə Qərblə əlaqələri gücləndirsin. Biz bununla uzaqgedən məsələləri də həll edirik. Çünki Qərbin bu bölgədə nüfuzunu təmin edən Türkiyə olmalıdır. Bu baxımdan Ermənistanı da Türkiyəyə bağlamaq indiki mərhələdə Azərbaycan-Türkiyə cütlüyünün birgə fəaliyyətinin çox effektiv bir instrumenti ola bilər”. Bəs Ermənistanın özündən uzaqlaşmaması naminə Moskva Ankaranı hansısa mərhələdə “oyundankənar” vəziyyətdə qoymaq istəyə bilərmi? T.Zülfüqarovun fikrincə, yox: “Dediyimiz kimi, Rusiya “Şimal-Cənub” dəhlizini açmaq və İranı bura cəlb etmək imkanı qazanıb. Bu baxımdan hesab edirəm ki, burada çox balanslaşmış maraqlar sistemi formalaşır, baxaq, görək axırı nə olacaq”.

Yaradılacaq işçi qrupuna hansısa siyasi don geyindirilməsini mümkün saymayan politoloq bildirdi ki, bu qurum Mehri dəhlizi ilə məşğul olacaq: “O ki qaldı, məsələn, Ağdərədən Kəlbəcərə gedən yolun məsələsi, bu, ayrı bir formatda müzakirə olunacaq və öz həllini tapacaq. Bu da Türkiyə-Rusiya cütlüyü çərçivəsində. Bu mövzular Ermənistandan tam şəkildə uzaqlaşmalıdır”. 

Hərbi xəbərlər, Azərbaycan ordusu, Ordu xəbərləri, Azərbaycan silahlı  qüvvələri

Yekunda qeyd edək ki, Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” deputat fraksiyası N.Paşinyanın Moskvadakı uğursuzluğundan daha çox qəzəblənib. Fraksiya üzvü Edmon Marukyan hakimiyyətə və onun tərəfdarlarına müraciət edərək bildirib ki, aylardır həllini tapmayan hərbi əsirlərin geri qaytarılması məsələsinin müzakirəsi və həlli yenə də havadan asılı qaldı. Müxalifət təmsilçisi dəmir yolunun açılmasından sevinənləri də qınayıb. Bildirib ki, erməni xalqının Moskva görüşündən yeganə gözləntisi hərbi əsirlərin qısa müddətdə qaytarılması ilə bağlı idi, ancaq bu, baş vermədi. Əlavə edib ki, müzakirələr yenə də Azərbaycanın müəyyənləşdirdiyi gündəm əsasında aparıldı və düşmənin suallarına cavab verildi.

Ermənistandakı etiraflar və narahatlıqlar Moskva görüşünün Azərbaycanın maraqları çərçivəsində keçirildiyi və dövlət başçımızın qətiyyətli, prinsipial mövqeyinin həlledici olduğunu bir daha təsdiqləyir. Qarabağla bağlı üçtərəfli görüşün nəticələrinin Ermənistanda böyük məyusluq doğurması həm də o deməkdir ki, 44 günlük savaşın qalibi olan Azərbaycan proseslərdə diktə edən tərəfdir…