Türkiyənin Cənubi Qafqazda qalıcı olması NATO-nun, o cümlədən, ABŞ və Qərbin də perspektiv maraqlarına cavab verir. Bu baxımdan, rəsmi Ankaranın regionda atacağı geopolitik addımların ABŞ və Qərb tərəfindən dəstəklənmə ehtimalı kifayət qədər inandırıcı görünür…

Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişi dönüş nöqtəsi oldu. Bu adam ölkəsində “məxməri inqilab” etməklə, yalnız Sarkisyan hakimiyyətini devirmədi. Eyni zamanda, Cənubi Qafqaz regionundakı geopolitik situasiyada da çevriliş etdi.

Politics.az Musavat.com-a istinadən xəbər verir ki,N.Paşinyan 2018-ci ildə “hakimiyyət piramidasına arxa pilləkənlərlə dırmaşanda” Ermənistanda bəziləri sevincək olmuşdular. Guya bu adam ABŞ və Qərbin dəstəyini arxasına alıbmış, Ermənistanı Rusiyadan uzaqlaşdırıb, “inkişaf qatarı”na mindirəcəkmiş…

Düzdür, onun və yaxın ətrafının “Soros” fonduyla “qaranlıq” bağlantılarının olması barədə hər halda, məlumatlar mövcuddur. Hətta gəldiyi gündən Ermənistanda Rusiya əleyhinə təbliğatı gücləndirməklə, Kremlə bağlı siyasi fiqurları oyundan kənara salmaqla, özü haqqında mövcud ictimai rəyə inandırıcılıq payı qatmağa nail oldu.

photo_66419.jpg (38 KB)
Nikol Paşinyan onsuz da onun-bunun verdiyi dilənçi payı ilə zorla ayaqda qalan Ermənistanı dərin maliyyə-iqtisadi və sosial-humanitar böhrana sürüklədi…

Ancaq uzun sürmədi. Çox qısa zamanda – cəmisi 2 il ərzində məlum oldu ki, N.Paşinyan kimi baş nazir öz ölkəsinə sadəcə, başbəlası ola bilər. Belə ki, bu adam onsuz da onun-bunun verdiyi dilənçi payı ilə zorla ayaqda qalan Ermənistanı dərin maliyyə-iqtisadi və sosial-humanitar böhrana sürüklədi.

N.Paşinyan vəziyyətin özünün və ölkəsinin əleyhinə inkişaf etdiyini və bu durumun onu sürətlə “dəmir barmaqlıqlar”ın arxasına doğru apardığını anladı. Ona görə də, Cənubi Qafqaz regionunda şok effekti yarada biləcək manevrlərə ehtiyac duydu. Və Azərbaycana qarşı hərbi avantüraya əl atdı.

Uğur qazansaydı, ölkəsində “qəhrəman” olacaqdı, Ermənistanın isə geopolitik mövqelərini möhkəmlədirə biləcəkdi. Ancaq N.Paşinyanın evindəki hesab çarşıya uymadı…
Səbəb isə çox sadədir. Ermənistan cəmiyyəti kimi, baş nazir N.Paşinyan da çox keçmişdə qalıb. Əks halda, zamanın dəyişdiyini, Azərbaycanın artıq 20-25 əvvəlki dövlət olmadığını anlayardı. Və özünü də, ölkəsini də “dərin bataqlığa” atmazdı.

Ermənistan adətən, Azərbaycanla hərbi-siyasi qarşıdurmada həmişə sanki “nərd oynamağa” çalışıb. Nərd oynamaq üçün isə o qədər dərin ağıla ehtiyac yoxdur. Əsas məsələ zərdə əlinin yaxşı gətirməsidir.

1536746208_fr.jpg (110 KB)
Ermənistanın bütün himayədarları, xüsusilə də Minsk qrupu həmsədrləri “oyundankənar vəziyyətə” düşdülər. Ermənistanın müdafiəsi üçün səslərini belə, çıxara bilmədilər…

Ermənistanın zərini isə həmişə onun himayədarları, xüsusilə də, ATƏT-in Minsk qrupunun həmsədrləri atırdılar. Və zər atmaq növbəsi Azərbaycana çatanda həmsədrlər dərhal daşları qarışdırıb, oyunu pozurdular. Nəticədə rəsmi İrəvan öz mövqelərini qoruyub, psixoloji üstünlüyü saxlaya bilirdi.

Ancaq bu dəfə belə olmadı. Rəsmi Bakı Azərbaycan ordusunun qətiyyətli əks zərbəsiylə, Ermənistanın öz himayədarları sayəsində növbəti dəfə “zər tutmaq” cəhdinin qarşısını aldı. Əvəzindəsə, rəsmi İrəvanın qarşısına “şahmat taxtası”nı atdı. Və sarsıdıcı hərbi zərbə ilə ilk gedişi də elə özü etdi.

Bəli, rəsmi Bakının cəmisi bir hərbi-siyasi gedişi ilə Ermənistan ordusunun ən qısa müddətli silahlı toqquşmaya belə, tab gətirməyəcək qədər vecsiz, başıpozuq dəstələrdən ibarət olduğu aydınlaşdı. Ermənistanın bütün himayədarları, xüsusilə də Minsk qrupu həmsədrləri “oyundankənar vəziyyətə” düşdülər. Ermənistanın müdafiəsi üçün səslərini belə, çıxara bilmədilər.

KTMT öz üzvü olan Ermənistanı deyil, sükut halıyla əslində, Azərbaycanı dəstəkləmiş oldu. Ən önəmlisi, Cənubi Qafqaz regionunda geopolitik situasiya köklü şəkildə dəyişdi.

_113461805_018.jpg (24 KB)
Rəsmi Bakı cəmisi bir zərbə ilə Ermənistanı Azərbaycana qarşı yararlandığı bütün hərbi-siyasi və psixoloji resurslarından məhrum buraxdı…

Azərbaycan Prezidenti İlham Əliyevin “gəl, təkbətək vuruşaq, görək, necə olacaq…” deməsiylə isə “hərbi-siyasi şahmat oyunu”nun ilk partiyası bitmiş oldi. Və rəsmi Bakı parlaq qələbə qazandı…

Belə anlaşılır ki, rəsmi Bakı cəmisi bir zərbə ilə Ermənistanı Azərbaycana qarşı yararlandığı bütün hərbi-siyasi və psixoloji resurslarından məhrum buraxdı. Halbuki Paşinyan hakimiyyəti hərbi avantüra ilə iki önəmli hədəfə köklənmişdi. Birincisi, Tovuz istiqamətində hərbi gərginlik, uğurlu nəticə halında, Ermənistanın Rusiya ilə pozulmuş münasibətlərini bərpa etməliydi.

Məsələ ondadır ki, Azərbaycanın beynəlxalq iqtisadi layihələri məhz bu ərazidən keçir. Əgər, bu ərazidə hərbi xaos yaranardısa, həmin beynəlxalq layihələrin təhlükəsizliyi sual altına düşəcəkdi. Bu, Rusiyaya da sərf etdiyindən, rəsmi İrəvan Kremlin “nəvaziş”ini özü üçün təmin etmiş olacaqdı. Hər halda, Avropa ölkələrini öz enerji asılılığında saxlamaqda israrlı olan Rusiya üçün Azərbaycanın layihələri əsas problemlərin sırasında yer alır.

Digər tərəfdən, rəsmi İrəvanın ümid bəslədiyi hərbi xaos baş tutsaydı, Ermənistan həm də Qərbi şantaj etmək şansı qazanaqdı. Yəni, beynəlxalq enerji layihələrinə təhlükə yaranmış olsaydı, Qərb siyasi dairələrinin rəsmi İrəvanın “kaprizlər”inə həssas yanaşmaq məcburiyyəti də ortaya çıxa bilərdi. Bu isə rəsmi İrəvana Qərb siyasi dairələri qarşısında bir sıra tələblər irəli sürmək, hətta həmin beynəlxalq layihələrin gəlirlərindən “pirat payı” ummaq imkanı da açardı.

116512540_10220872003182615_3727194489099240952_n.jpg (39 KB)
Türkiyə ordusu artıq Azərbaycandadır, yəni Cənubi Qafqaz regionundadır. Və bu önəmli hadisənin real nəticələri özünü o qədər də gözlətməyəcək…

Ancaq olmadı. Əksinə, hər şeyi itirdi. Hətta həmişə erməni lobbisinin həlledici təsirinə güvəndiyi ABŞ Konqresində Ermənistanı işğalçı dövlət elan edən qətnamənin qəbuluyla da barişmalı oldu.

Halbuki, heç bütün bunlar da Cənubi Qafqazdakı dəyişikliyin heç də hamısı deyil. Belə ki, hələ rəsmi İrəvanın hərbi avantürasından dərhal sonra bu regiona qardaş Türkiyənin daha rahat nüfuz edə bilməsi üçün səbəblərin ortaya çıxdığını yazmışdıq. Və indi bu ehtimalımız özünü doğrultmağa başlayıb.

Məsələ ondadır ki, Türkiyə ordusu artıq Azərbaycandadır, yəni Cənubi Qafqaz regionundadır. Və bu önəmli hadisənin real nəticələri özünü o qədər də gözlətməyəcək.

Rəsmi İrəvan isə artıq təlaş içərisindədir. N.Paşinyan tələm-tələsik Rusiyaya şikayət etməyə başlayıb. O, hətta son açıqlamasında Türkiyə ordusunun regiona gəlişinin yalnız Ermənistan üçün deyil, həm də Rusiyanın maraqlarına da təhdid olduğunu vurğulayıb.

news_20190823032844.jpg (32 KB)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kreml sahibi Vladimir Putin arasındakı telefon danışığından dərhal sonra mövcud situasiyanın məzmun və keyfiyyəti aydınlaşmağa başladı…

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan isə regionda yaranmış yeni situsiyanın əsas səbəbkarı kimi baş nazir N.Paşinyanı qınayıb: “Anlamaq lazım idi ki, Türkiyə artıq 15 il əvvəlki Türkiyə deyil”. Və o, bu fikrində tamamilə haqlıdır.

Çünki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kreml sahibi Vladimir Putin arasındakı telefon danışığından dərhal sonra verilən açıqlama mövcud situasiyanın məzmun və keyfiyyətini aydınlaşdırır. Belə ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın “İşğalçı Ermənistandır. Prezidentimiz bunu Putinə açıq şəkildə izah etdi” deməklə, Ermənistan üçün “qara günlər”in başlandığına işarə vurmuş oldu.

Məsələ ondadır ki, İbrahim Kalın daha bir önəmli məqamı da qabardıb: “Azərbaycana təhdid haradan gəlirsə-gəlsin, Türkiyə onun yanında olacaq”. Və bu cümlə bir çox həlledici manevrlərin masa üzərində olmasından xəbər verir.

Hər halda, “Azərbaycana təhdid haradan gəlirsə-gəlsin…” vurğusu Türkiyənin yalnız Ermənistana deyil, həm də onun arxasındakılara sərt xəbərdarlıq mesajıdır. Yəni, rəsmi Ankara Türkiyənin Azərbaycanla yan-yana hər kəsə qarşı çıxmağa hazır olduğunu anlatmağa çalışır.

1559262518_nato.jpg (31 KB)
Türkiyənin Cənubi Qafqaza yerləşməsi NATO-nun, o cümlədən, ABŞ və Qərbin də perspektiv maraqlarına cavab verir…

Üstəlik, bütün bunlara Azərbaycan-Türkiyə hərbi təlimlərinin paralellik təşkil etməsi rəsmi Ankaranın zarafat etmədiyini də göstərir. Onu da qeyd etmək lazımdır ki, aralarında isti münasibətlər olmasına baxmayaraq, Türkiyənin maraqları tələb edəndə rəsmi Ankaranın Rusiya ilə qarşıdurmadan çəkinmədiyi artıq bir reallıqdır.

Hər halda, Kreml Türkiyənin “tutduğunu qoparan” dövlət olduğuna bir neçə dəfə, xüsusilə də, Liviya və Suriyada birbaşa şahid olub. Bu baxımdan, rəsmi Ankaranın Azərbaycanla bağlı Cənubi Qafqazda da eyni qətiyyətlə davrana biləöcəyi qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, “şahmat taxtası üzərində gedişlər” hələ uzun müddət davam edəcək. Türkiyə artıq Cənubi Qafqazdadır. Onun bu regionda qalıcı olaraq, yerləşməsi üçün isə tarixi imkanlar açılıb.

Xüsusilə də, nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun aparıcı ölkələrindəndir. Türkiyənin Cənubi Qafqaza yerləşməsi NATO-nun, o cümlədən, ABŞ və Qərbin də perspektiv maraqlarına cavab verir. Bu baxımdan, rəsmi Ankaranın Cənubi Qafqazda atacağı geopolitik addımların ABŞ və Qərb tərəfindən də dəstəklənmə ehtimalı kifayət qədər inandırıcı görünür.